“Rəqabət Orqanı”nın və “Rəqabət Komissiyası”nın anlayışları, fərqləri
1. Rəqabət Orqanı nədir ?
Rəqabət orqanı – rəqabət sahəsində dövlət siyasətini həyata keçirən və dövlət nəzarətini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Sadə dildə desək, bu, daimi fəaliyyət göstərən dövlət qurumudur. Azərbaycanda bu funksiyanı Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.
Rəqabət orqanının əsas funksiyaları:
- bazar araşdırması edir;
- müraciətləri qəbul edir;
- müraciət əsasında və ya öz təşəbbüsü ilə dövlət nəzarət tədbirlərini (araşdırma və yoxlama) həyata keçirir.
- Araşdırmanın nəticələrinə dair akt qəbul edir.
Rəqabət orqanının əməkdaşı tərəfindən araşdırmanın nəticələrinə dair tərtib edilmiş aktda qanun pozuntusu olması barədə müddəalar varsa, rəqabət orqanının rəhbəri rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Daha sonra rəqabət orqanın rəhbəri müvafiq işə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə əmr verir. Bu andan etibarən rəqabət orqanı öz funksiyasını başa çatdırır.
2. Rəqabət Komissiyası nədir ?
Rəqabət komissiyası – rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlərə baxılması və müvafiq qərarların qəbul edilməsi üçün yaradılan kollegial orqandır. Bu o deməkdir ki, Komissiya daimi işləyən bir idarə deyil, konkret bir işin (məsələn, bir şirkətin hömran mövqeyindən sui-istifadə etməsi işinin) araşdırılması və nəticəyə gəlinməsi üçün toplanan “heyət”dir.
Rəqabət komissiyasının yaradılması barədə rəqabət orqanının rəhbərinin əmri ilə onun tərkibi təmin edilir. Komissiyanın tərkibi beş nəfərdən az olmamalıdır. Komissiya rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən rəqabət orqanının adından çıxış edir.
Rəqabət komissiyasının əsas funksiyaları:
- İşi mahiyyəti üzrə hərtərəfli, tam və obyektiv araşdırmaq.
- Qərarlar qəbul etmək.
- Sanksiya tətbiq etmək.
- komissiyanın qəbul etdiyi qərarlarla bağlı izah vermək.
Qısa xülasə: Rəqabət komissiyası “məhkəmə heyəti” kimidir. O, konkret pozuntu faktını qiymətləndirmək üçün masaya oturur və son sözü deyir.
3. Rəqabət Komissiyasına nə ehtiyac var ?
3.1. “Müstəntiq həm də Hakim ola bilməz” Prinsipi
Əgər Rəqabət Komissiyası olmasaydı, işi araşdıran rəqabət orqanının əməkdaşı həm də yekun qərarı verən şəxs olardı.
Sizi yoxlayıb nöqsan tapan rəqabət orqanı əməkdaşı, sizin günahkar olduğunuza inanır. O, qərar verərkən obyektiv olmağı çox çətindir. Rəqabət Komissiyası qərəzsizliyi təmin edir.
3.2. Kollegiallıq: “Bir ağıl yaxşıdır, bir neçəsi daha yaxşı”
Rəqabət hüququnda sanksiyalar adətən təsərrüfat subyektinin dövriyyəsi üzərindən hesablandığı üçün cərimə məbləğləri kifayət qədər yüksəkdir. Belə ağır nəticələri olan qərarların tək bir şəxs tərəfindən verilməsi risklidir. Bundan fərqli olaraq Rəqabət Komissiyası kollegial orqandır, yəni orada qərarlar təkbaşına yox, səsvermə yolu ilə qəbul edilir.
3.3. Dinlənilmə Hüququnun Təminatı
Təsərrüfat subyektinin özünü müdafiə edə bilməsi zəruridir. Dorğudur ki, Rəqabət Orqanı araşdırma apararkən təsərrüfat subyekti ilə ünsiyyətdə olur, lakin bu, kifayət etmir. Belə ki, Rəqabət Komissiyasının iclas(lar)ı təsərrüfat subyektinə imkan verir ki, o, rəsmi şəkildə nümayəndələri, ekspertləri və ya vəkilləri ilə gəlsin, Rəqabət orqanın topladığı sübutlara etiraz etsin və öz dəlillərini təqdim etsin. Komissiya təsərrüfat subyektləri üçün “son sözünü demək” yeridir.
İstinad edilmiş ədəbiyyat:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 18 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları”
