FTC v. Meta (Facebook) işi: Müvafiq bazarın müəyyən edilməsinin rəqabət hüququ baxımından əhəmiyyəti
Giriş
Rəqabət hüququnda müvafiq bazarın müəyyən edilməsi hökmran mövqenin və hökmran mövqedən sui-istifadə halının qiymətləndirilməsində həlledici mərhələdir. ABŞ Federal Ticarət Komissiyasının (FTC) Meta Platforms, Inc.-ə qarşı qaldırdığı iş rəqabət hüququnda mühüm presedentdir. Çünki bu məhkəmə işi xüsusilə rəqəmsal platformalar kontekstində müvafiq bazar tərifinin dinamik bir yanaşma tələb edir.
Bu yazıda FTC v. Meta işinin qısa hüquqi təhlili aparılır, müvafiq bazarın müəyyən edilməsində bu məhkəmə işinin rolu və bazarın genişləndirilməsinin rəqabət hüququ baxımından əhəmiyyəti izah edilir.
İşin mahiyyəti
FTC-nin mövqeyi belə idi ki, Meta “Personal Social Networking” (Şəxsi Sosial Şəbəkələşmə) adlı müvafiq bazarda hökmran mövqeyə malikdir, Meta tərəfindən Instagram ilə WhatsApp-ın əldə edilməsi potensial rəqiblərin bazardan kənarlaşdırılmasına xidmət edib. Şəxsi Sosial Şəbəkələşmə adlandırılan bu bazarın sərhədləri məhdud müəyyən edildiyi üçün TikTok, YouTube kimi platformalar müvafiq bazara daxil deyildi. FTC mövqeyini belə əsaslandırırdı ki:
- Youtube və Tiktok-da istifadəçilər passiv çıxış edirlər, yəni müəyyən kontenti sadəcə izləyirlər, lakin Facebook və İnstagram-da isə istifadəçilər aktivdirlər (paylaşım edirlər, rəy yazırlar, şəxsi mesajlaşma edirlər və s.);
- Meta-nın sahib olduğu platformalardan (Facebook və Instagram) istifadəçilər tanıdıqları şəxslərlə ünsiyyət qurmaq üçün istifadə edirlər. Lakin istifadəçilər Youtube və Tiktok-dan ünsiyyət qurmaq üçün yox, tanımadığı şəxslərin videosunu izləmək üçün istifadə edirlər.
- Meta-nın platformalarında istifadəçilərin bir “sosial mühit”i var, bu səbəbdən Facebook və Instagram əvəzolunmazdır.
Meta isə müdafiəsini belə qurmuşdu ki, müasir rəqəmsal ekosistemdə platformalar arasındakı funksional sərhədlər silinib və “funksional konvergensiya” (yaxınlaşma) nəticəsində əvvəllər fərqli sayılan xidmətlər artıq eyni ehtiyacı qarşılayır. Onun müdafiəsində əsas nüanslar aşağıdakılardır:
- Əvvəllər Facebook “dostlarla ünsiyyət”, YouTube isə “video izləmək” üçün istifadə edilirdi, lakin bu gün bütün platformalar eyni alətləri təklif edir: Instagram Reels, TikTok və YouTube Shorts. Bu səbəbdən də istifadəçinin “qısa video izləmək” ehtiyacı yarandıqda, bu üç platforma arasında heç bir maneə olmadan keçid edə bilər.
- Meta göstərirdi ki, istifadəçilər artıq platformaya yalnız dostlarının paylaşımına baxmaq üçün daxil olmurlar. Onlar “əyləncəli məzmun” istehlak etmək istəyirlər. İstifadəçi üçün “kimin paylaşdığı” deyil, “nəyin paylaşıldığı” önəmlidir. Bu isə Meta-nı birbaşa TikTok və YouTube-un rəqibinə çevirir.
- Hər bir istifadəçinin günlük cəmi bir neçə saatlıq “ekran vaxtı” var. Meta da sübut edir ki, TikTok-da keçirilən hər əlavə bir dəqiqə, Facebook və ya Instagram-da keçirilməyən bir dəqiqədir. Yəni platformalar arasında rəqabət “sosial şəbəkə funksiyası” uğrunda deyil, istifadəçinin məhdud vaxtı və bölünməz diqqəti uğrunda gedir.
Müvafiq bazarın müəyyən edilməsi və məhkəmənin yanaşması
Məhkəmə müvafiq bazarın müəyyən edilməsində aşağıdakı meyarları əsas götürdü:
- platformalararası funksional oxşarlıqların artması;
- alqoritm əsaslı tövsiyə mexanizmlərinin önəmli rolu;
- istifadəçi davranışları və real əvəzolunma sübutları;
- rəqabətin yalnız qiymət üzərindən deyil, keyfiyyət, reklam yükü və istifadəçi təcrübəsi üzərindən aparılması.
Məhkəmə qeyd etdi ki, Meta platformaları artıq sadəcə dostlararası əlaqə deyil, həmçinin üçüncü şəxslərin məzmununa əsaslanan video və paylaşımlar üzərindən fəaliyyət göstərir. Beləliklə, məhkəmənin mövqeyi belə oldu ki, Meta platformaları ilə TikTok və YouTube arasında birbaşa rəqabət mövcuddur.
Real əvəzolunma sübutlarının rolu
Rəqabət hüququnda müvafiq bazarın müəyyən edilməsində yalnız nəzəri və ya funksional oxşarlıqlar deyil, real əvəzolunma sübutları həlledici əhəmiyyət daşıyır. FTC v. Meta işində məhkəmə xüsusilə aşağıdakı faktiki göstəricilərə diqqət yetirmişdir:
- Meta platformalarında xidmətin məhdudlaşdırılması və ya texniki nasazlıqlar zamanı istifadəçilərin TikTok və YouTube kimi alternativ platformalara yönəlməsi;
- TikTok platformasının 2020-ci il tarixdə Hindistanda qadağan edildikdə milyonlarla istifadəçi dərhal Instagram (Reels) və YouTube (Shorts) platformalarına keçdi, ABŞ federal hökuməti və bir çox ştatlar TikTok-un dövlətə məxsus telefon və planşetlərdə istifadəsini qadağan etdikdə həmin cihazlarda Facebook-dan və İnstagram-dan istifadə artmağa başladı.
- istifadəçi davranışlarının platformalar üzrə paralel dəyişməsi və istifadəçilərin vaxt bölgüsünün elastikliyi.
Beləliklə, bu göstəricilər sübut edir ki, istifadəçilər fərqli platformaları bir-birinin real alternativi kimi qəbul edir və onların arasında faktiki seçim aparır. Nəticədə bazar tərifi yalnız platformanın ilkin dizayn məqsədi ilə deyil, istifadəçinin real davranışı əsasında aparılmalıdır.
Bu yanaşma klassik SSNIP testinin rəqəmsal bazarlara uyğunlaşdırılmış forması kimi qiymətləndirilə bilər. Belə ki, burada qiymət əvəzinə istifadəçi rifahını formalaşdıran əsas parametrlər, yəni reklam yükü, məzmun keyfiyyəti və vaxt itkisi (“diqqət dəyəri”) nəzərə alınır. Yəni rəqabət artıq yalnız “məhsul” üzərindən deyil, ödənişsiz olan sosial şəbəkə platformalarında istifadəçinin məhdud zamanı və diqqəti üzərində gedir. Məhkəmənin bu yanaşmanı qəbul etməsi rəqəmsal iqtisadiyyatda “müvafiq bazar” anlayışının sərhədlərini kökündən dəyişir.
💡 Maraqlı termin: “SSNIP testi”, testin məntiqi və tətbiqi mexanizmi barədə daha ətraflı
Müvafiq bazarın dairəsinin genişləndirilməsinin hüquqi əhəmiyyəti
1. Hökmran mövqenin qiymətləndirilməsi
Bazarın dar müəyyən edilməsi Meta-nın bazar payını süni şəkildə yüksək göstərir. TikTok və YouTube kimi platformalar da müvafiq bazara daxil edildiyi halda Meta-nın bazar payı azalır, nəticədə Meta müvafiq bazarda hökmran mövqedə olmur.
2. Rəqəmsal bazarlarda dinamik yanaşmanın zəruriliyi
FTC v. Meta işi sübut edir ki, rəqəmsal bazarlarda:
- məhsulların funksiyası qısa müddətdə dəyişə bilər;
- ənənəvi bazar kateqoriyaları aktuallığını itirə bilər;
- statik müvafiq bazar tərifi hüquqi səhvlərə səbəb ola bilər.
Nəticə
FTC v. Meta işi göstərir ki müvafiq bazarın müəyyən edilməsi yalnız formal meyarlara deyil, real bazar davranışlarına və texnoloji reallıqlara əsaslanmalıdır. Rəqəmsal platformalar üzrə rəqabət hüququ təhlilində bazarın geniş və dinamik şəkildə müəyyən edilməsi həm istehlakçı rifahının, həm də innovasiyanın qorunması baxımından mühüm şərtdir.
Bu səbəbdən də, bu qərar rəqəmsal bazarlar üzrə aparılan gələcək rəqabət təhlilləri üçün mühüm hüquqi istinad nöqtəsi kimi çıxış edir.
İstinad:
Federal Trade Commission v. Meta Platforms, Inc. (Case No. 191 0134) — ABŞ Federal Ticarət Komissiyasının rəsmi iş səhifəsi.
