03.01 – İqtisadi nəzəriyyələr

You are currently viewing 03.01 – İqtisadi nəzəriyyələr

Bazar İqtisadiyyatının Əsasları: Tələb, Təklif və Bazar Strukturları

Bazar iqtisadiyyatının fundamental anlayışlarını bilmək rəqabət hüququnu mənimsəmək üçün mühüm əhəmiyyət kəsb edir. Bu yazıda bazarın necə balanslaşdığını və müxtəlif bazar növlərinin xüsusiyyətlərini təhlil edəcəyik.

1. Bazar tarazlığı və qiymət mexanizmi

Bazar iqtisadiyyatının təməlini tələb və təklif qanunu təşkil edir. İqtisadiyyatda bazar mexanizmini başa düşmək üçün istək, tələb və təklif anlayışlarını fərqləndirmək vacibdir.

  • İstək (want): insanın subyektiv ehtiyacıdır. Təkbaşına qiymətə təsir etmir.
  • Tələb (demand): alıcılıq qabiliyyəti ilə dəstəklənən istəkdir. Tələb qanunu: qiymət artdıqca, tələb edilən miqdar azalır.
  • Təklif (supply): satıcıların müəyyən qiymətə satmağa hazır olduqları məhsul miqdarıdır. Təklif qanunu: qiymət artdıqca, təklif edilən miqdar artır.

Bazar tarazlığı (market equilibrium) nədir ?

Müəyyən bir qiymət səviyyəsində tələbin həcminin təklifin həcminə bərabər olduğu vəziyyət bazar tarazlığı adlanır. Tələb olunan miqdarla təklif olunan miqdar bərabərləşdikdə “tarazlıq qiyməti” yaranır, yəni bu qiymətdə alıcıların almaq istədikləri məhsulun həcmi, satıcıların satmaq istədikləri həcmlə üst-üstə düşür.

Bazar tarazlığına təsir edən iki əsas qeyri-tarazlıq vəziyyəti mövcuddur:

  • İzafilik: təklifin tələbi üstələdiyi haldır. Bu zaman satıcılar məhsullarını sata bilmir, nəticədə qiymətlər düşür və bazar yenidən tarazlığa doğru irəliləyir. Təklif > Tələb olduğu halda qiymətlər düşür.
  • Qıtlıq: tələbin təklifi üstələdiyi haldır. Bu vəziyyətdə məhdud sayda məhsula çoxsaylı alıcı düşür ki, bu da qiymətlərin artmasına və istehsalın stimullaşdırılmasına səbəb olur. Tələb > Təklif olduğu halda qiymətlər qalxır.

Daha ətraflı: İstək kifayət deyil: iqtisadi nəzəriyyədə tələb nədir ?

2. Bazar strukturlarının təsnifatı

Bazarlar satıcıların sayına, məhsulun növünə və giriş maneələrinə görə 4 əsas qrupa bölünür:

Bazar strukturuSatıcı sayıMəhsul növüQiymət nəzarəti
Təkmil RəqabətÇox saydaEynicinsli (Homogen)Yoxdur, bazardakı qiyməti qəbul edir (price taker)
İnhisarçı RəqabətÇox saydaFərqləndirilmişQismən
OliqopoliyaAz saydaEyni və ya fərqliYüksək
İnhisar (Monopoliya)Tək satıcıUnikal (əvəzedicisi yoxdur)Tam nəzarət

2.1. Təkmil Rəqabət (perfect competition)

Bu bazar strukturunda çoxlu sayda alıcı və satıcı mövcuddur, heç bir satıcı bazar qiymətinə təsir etmək gücünə malik deyil.

  • Xüsusiyyətləri: məhsullar homogendir (eyni növlü), satıcıların bazara giriş-çıxışı sərbəstdir və tam informasiya şəffaflığı mövcuddur.
  • mənfəət strategiyası: satıcılar qiymət qəbul edən (price taker) mövqedədirlər, yəni satıcıların bazar gücü o qədər zəyifdir ki, məhsulları öz istədikləri qiymətə yox, bazarda artıq formalaşmış qiymətə qiymətə satırlar. Mənfəətin maksimallaşdırılması qiymətin marjinal xərclərə bərabər olduğu nöqtədə baş verir, yəni P = MC. 

​Faydalı keçidlər:

2.2. İnhisarçı rəqabət (monopolistic competition)

Bu strukturda çoxlu sayda təsərrüfat subyekti fəaliyyət göstərsə də, onlar eyni deyil, oxşar məhsullar satırlar. Misal olaraq, telefon bazarında İphone və ya Xiaomi hər biri eyni xüsusiyyətləri olan telefon satırlar, hər iki markanın telefonları ilə zəng etmək, sms göndərmək, internetə qoşulmaq, sosial şəbəkələrə daxil olmaq mümkündür, lakin bu markaların telefonları program təminatı və prestij baxmından müştəri nəzərində eyni deyil.  

  • Xüsusiyyətləri: a) təkmil rəqabətdən fərqli olaraq satıcı bazarda olan qiyməti qəbul edib məhsularının satışını həyata keçirmir, öz məhsulunu digər brendlərdən fərqləndirib məhsulun qiymətini artıra bilir, həmçinin satıcı məhsulun qiymətini azaldaraq satış həcmini artıra bilir. b) marjinal xərclərdən yüksək qiymət təyin edə bilir, yəni təkmil rəqabət bazarında satıcı məhsulun qiymətini artırsa, müştəri rəqib satıcının məhsuluna üz tutur, lakin inhisarçı rəqabət bazarında satıcı öz məhsulunu rəqiblərin məhsulunda fərqləndirdiyi üçün (İphone və Xiaomi misalında olduğu kimi) marjinal xərclərdən daha baha sata bilir. Bu səbəbdən P > MC.
  • Bazara giriş maneələri: bazara giriş və çıxış nisbətən sərbəstdir, lakin satıcılar reklam və əmtəə nişanları vasitəsilə fərqlənməyə çalışırlar.

2.3. Oliqopoliya (Oligopoly)

Bazarda az sayda satıcının olduğu və bir-birindən asılı fəaliyyət göstərdiyi struktur növüdür.

  • Strateji davranış. satıcılar qarşılıqlı asılıdır; birinin qiymət və ya istehsal qərarı digərinə təsir edir. Bu səbəbdən onlar tez-tez “oyunlar nəzəriyyəsi” (məsələn, məhbuslar dilemması) prinsiplərinə uyğun hərəkət edirlər.

Dərinləşək: oyunlar nəzəriyyəsi və məhbusların dilemması: oliqopolistlər niyə əməkdaşlıq edə bilmir ?

  • kartellər: inhisar mənfəəti əldə etmək üçün satıcılar arasında gizli sövdələşmələr (kartellər) yarana bilər, lakin mənfəət bölgüsü ziddiyyətləri bu birlikləri dayanıqsız edir. “Naş tarazlığı” bu mühitdə ən yaxşı strategiya seçimi kimi çıxış edir. Naş tarazlığı anlayışı nobel mükafatçısı Con Naşın adını daşıyır. Naş tarazlığı elə bir vəziyyətdir ki, istənilən oyunçu rəqibinin strategiyasını bildiyi halda, öz strategiyasını dəyişərək əlavə fayda qazana bilmir.

Oliqapoliyanın bir növü də duapoliyadır, bu iqtisadiyyatda bazarın yalnız iki şirkət tərəfindən idarə olunduğu bir bazar strukturudur. Duapoliya şəraitində iki satıcı demək olar ki, bazarın tamamına nəzarət edir və onların qərarları bir-birindən birbaşa asılı olur. Duapoliya tipli bazarda kiçik şirkətlər olsa da, qiyməti və şərtləri təyin edən əsas iki böyük şirkətdir. Misal olaraq, böyük sərnişin təyyarələrinin istehsalı bazarında Boeing və Airbus liderlərdir.

2.4. İnhisar (Monopoly)

Bazarın tək bir təəsrrüfat subekti tərəfindən idarə olunduğu və bazara digər satıcıların girişinə maneələrin çox yüksək olduğu vəziyyətdir.

  • Yaranma səbəbləri: mühüm resurslara nəzarət, dövlət tərəfindən verilən müstəsna hüquqlar (lisenziya, patent) və ya istehsal xərclərinin azalması ilə yaranan “təbii inhisar” halları.
  • Nəticələri: inhisarçı satıcı qiyməti marjinal xərcdən yuxarı təyin edir, nəticədə iqtisadi səmərəlilik itir və istehlakçı artıqlıq azalır. 

Yekun: 

Təkmil rəqabət iqtisadiyyat üçün ən ideal bazar modelidir, lakin gerçək həyatda bu bazar modelinə tam olaraq rast gəlinmir. İnhisar isə rəqabət hüququnun ən çox mübarizə apardığı arzuedilməz bazar modelidir.

0 votes, 0 avg

Mövzu üzrə tapşırıqlar

1 / 7

Sual 1: Tələb və istək arasındakı əsas fərq nədir?

2 / 7

Sual 2: Bazar tarazlığı nə zaman yaranır?

3 / 7

Sual 3: Bazarda "İzafilik" yaranarsa, qiymətlər necə dəyişir?

4 / 7

Sual 4: Hansı bazar strukturunda satıcılar "qiymət qəbul edən" mövqeyindədirlər?

5 / 7

Sual 5: İnhisarçı rəqabət bazarını Təkmil rəqabətdən fərqləndirən əsas cəhət hansıdır?

6 / 7

Sual 7: İnhisar bazarında hansı nəticə yaranır?

7 / 7

Sual 6: İnhisar (Monopoliya) bazarında satıcı qiymət üzərində tam nəzarətə malikdir.

Your score is

The average score is 0%

0%


03.02 – Hüquqi anlayışlar

Rəqabət Hüququnun Əsasları: Təsərrüfat subyekti, müvafiq bazarın müəyyən edilməsi, bazar payı, alıcı və müştəri anlayışlarının fərqi. Rəqabət hüququnda pozuntular (inhisarçılıq,…

Daha Ətraflı