04.02 – Azəhəmiyyətli və İstisna Edilmiş Sazişlər

İstisna Edilmiş və Azəhəmiyyətli Sazişlər ilə bağlı
Rəqabət Məcəlləsi çərçivəsində hüquqi mexanizmlər

Bundan əvvəlki yazılarda rəqabəti məhdudlaşdıran sazişlər, bu sazişlərin növləri: üfüqişaquli sazişlər barədə ətraflı təhlil apardıq. Öyrəndik ki, rəqabət hüququnun əsas prinsiplərindən biri rəqabəti məhdudlaşdıran sazişlərin qadağan edilməsidir. Lakin qanunvericilik iqtisadi reallığı nəzərə alaraq bu prinsipə iki mühüm filtr mexanizmi tətbiq edir:

  • İstisna edilmiş sazişlər;
  • Azəhəmiyyətli sazişlər.

Bu yanaşma göstərir ki, rəqabəti məhdudlaşdıran bütün sazişlər hər zaman  qadağan edilmir. Bu yazıda istisna edilmiş sazişlər və rəqabəti məhdudlaşdıran sazişləri ətraflı təhlil edəcəyik.

I. İstisna edilmiş sazişlər

Texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı (AR-GE) ilə əlaqəli sazişlər, habelə istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər müəyyən şərtlərlə qadağadan azad edilə bilər. Bununla bağlı bir sıra meyarlar mövcuddur. Burada diqqət edilməsi vacib məqam odur ki, istisna üçün əsaslardan “fayda > zərər” meyarı ən azı 3, digərləri isə bütün meyarlara uyğun olmalıdır.

1.1. “Fayda > zərər” meyarı

Saziş nəticəsində müvafiq bazarda aşağıdakı göstəricilərdən ən azı üçü əldə edilərsə (ardıcıllıq yoxdur, hər hansı üçü), həmin saziş istisna edilə bilər:

  • miqyas iqtisadiyyatının əldə edilməsi;
  • Sazişin olmadığı vəziyyətlə müqayisədə məhsul istehsalının ən azı 30% artması (1 il ərzində);
  • müvafiq bazara aid olmayan yeni məhsulun yaranmasının mümkünlüyü;
  • məhsul başına düşən xərclərin 3-6 ay ərzində 15% və daha çox azalması (3–6 ay);
  • azı 1 il ərzində investisiyaların əvvəlki illə müqayisədə 20% artması;
  • əhəmiyyətli nou-haunun yaranması;
  • texniki zərurətlə əlaqədar yalnız saziş iştirakçısı olmaqla məhsul istehsal etməsi mümkün olduqda;
  • saziş olmadan məhsul istehsalının dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığı, ictimai asayiş və ya sosial prioritetlərə zərər vurması ehtimalı olduqda;
  • saziş olmadan məhsul istehsalı xüsusi keyfiyyət və lisenziya meyarlarına uyğun olmayaraq qeyri-effektiv nəticələrə səbəb olduqda.

Beləliklə, istisna mexanizmi abstrakt qiymətləndirmə deyil, ölçülə bilən iqtisadi testə əsaslanır.

1.2. Texnologiyanın transferti

Texnologiyanın transferti əsası üzrə Saziş müvafiq bazarda istisna üçün aşağıdakı bütün meyarlara birlikdə cavab verməlidir:

  • birgə bazar payı 30%-dən artıq olmamalıdır;
  • saziş yalnız iki təsərrüfat subyekti (texnologiyanı transfert edən və texnologiyanı qəbul edən) arasında bağlanmalı, həmçinin sazişin məqsədi texnologiyanın istehsalı və ya istifadəsi ilə bağlı olmalıdır;
  • xərcləri azı 10% azaltma potensialı olmalıdır;
  • bazarın tədqiqat və inkişaf araşdırmaları xərclərini azı 50% azaltmalıdır;
  • Texnologiyanı qəbul edən təsərrüfat subyektinin müvafiq bazarda rəqabət potensialını artırmalıdır;
  • predmeti olmayan məhsullara dair məhdudiyyətlər ehtiva etməməlidir;
  • transfert edilən texnologiya asan əldə edilə bilən olmamalıdır;
  • innovativ və praktiki istifadə edilə bilən xarakter daşımalıdır;
  • texnoloji yenilikləri və nou-haunu tətbiq etmək, bazarın tədqiqat və inkişaf araşdırmalarını aparmaq hüququnu məhdudlaşdırmamalıdır.

1.2.1. İstisna statusunu aradan qaldıran hallar.

Texnologiyanın transferti sazişi aşağıdakı hallardan hər hansı birini ehtiva etdikdə artıq istisna saziş kimi qiymətləndirilməyəcək:

  • saziş iştirakçılarından ən azı biri üçün məhsulun satış qiymətini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırdıqda;
  • saziş predmeti ilə əlaqəli olan məhsulların istehsal, istifadə və satış miqdarını məhdudlaşdırdıqda;

Yuxarıdakı hallar həm rəqiblər (və ya potensial rəqiblər), həm də rəqib (və ya potensial rəqib) olmayanlara şamil edilir. Aşağıdakı hallar isə spesifikdir:

  • rəqib və ya potensial rəqiblər arasında bağlanan sazişin qüvvədə olduğu müddətdə və ya saziş müddəti bitdikdən sonra müvafiq bazar, müştərilər, satıcılar, ərazilər, xammal mənbələri, yaxud məhsulun konkret növlərinin istehsalı saziş iştirakçıları arasında bölüşdürüldükdə;
  • rəqib və ya potensial rəqib olmayan subyektlər arasında bağlanan sazişlər qüvvədə olduğu müddətdə və ya sazişin müddəti bitdikdən sonra saziş predmeti olan məhsulların satışı məhdudlaşdırıldıqda.

1.3. Bazarın tədqiqi və inkişafı (AR-GE) sazişləri

Bazarın tədqiqi və inkişafı əsası ilə bağlı sazişlərin istisnaya düşməsi üçün aşağıdakı şərtlər birlikdə ödənilməlidir:

  • Saziş iştirakçılarının birgə bazar payı 30%-dən artıq olmamalıdır;
  • Sazişin məqsədi saziş predmeti olan məhsulun istehsalı, istifadəsi və ya bazarın tədqiqi ilə birbaşa əlaqəli olmalıdır;
  • Müvafiq bazarda qiymət və ya qeyri-qiymət rəqabəti yaratmalı və sənayedə praktiki istifadə edilə bilən innovativ xarakterə malik olmalıdır;
  • Sazişdə əldə ediləcək yeni məhsulun, texnologiyanın və ya nou-haunun istehlakçılara verəcəyi potensial fayda nəzərdə tutulmalıdır;
  • Sazişin predmeti olmayan məhsullar ilə əlaqəli məhdudiyyətlər olmamalıdır;
  • müstəqil innovasiya hüququ məhdudlaşdırılmamalıdır.
  • Sazişdə planlaşdırılan layihələr saziş iştirakçılarının təsərrüfat fəaliyyəti ilə əlaqəli olmalıdır.

1.3.1. İstisna statusunu aradan qaldıran hallar:

  • Saziş predmeti olmayam digər sahələrdə müstəqil AR-GE bazarın tədqiqat və inkişaf araşdırmalarını fəaliyyətinin qadağan edilməsi;
  • Saziş predmeti olmayan məhsullar üzrə qiymətlərin, təklif həcminin və marjetinq strategiyasının saziş iştirakşıları tərəfindən birgə müəyyən edilməsi;
  • Müvafiq bazarın, müştərilərin, satıcıların, ərazilərin və xammal mənbələrinin tərəflər arasında bölüşdürülməsi.

II. Sazişlərin istisna edilməsinin proseduru

İstisna edilmiş sazişlərin tətbiqi avtomatik xarakter daşımır.

Üfüqi və ya şaquli saziş bağlandıqdan sonra istisna saziş hesab edilməsi üçün təsərrüfat subyekləri özləri könüllü olaraq rəqabət orqanına müraciət edə bilərlər. Saziş bağlanmadan öncədən razılıq alınması mexanizmi nəzərdə tutulmayıb.

Rəqabət orqanı saziş ilə bağlı Rəqabət Məcəlləsinin 11-ci və 12-ci maddələri üzrə araşdırma aparırsa, araşdırma müddətində istənilən vaxt barəsində araşdırma aparılan şəxslərdən hər hansı biri sazişin istisna sayılması üçün müraciət edə bilər. Saziş iştrikçılarından birinin müraciəti kifayət edir.

Əgər rəqabət orqanının apardığı araşdırma işin qaldırılması ilə nəticələnibsə, rəqabət orqanı işin qaldırılması barədə qərarı tərəflərə təqdim etdikdən sonra tərəflər ən geci 30 (otuz) gün müddətində sazişin istisna edilməsi üçün müraciət etməlidirlər. Əgər bu 30 günlük müddət ötürülərsə, sazişin istisna olaraq qiymətləndirilməyə göndərilməsi rəqabət komissiyasının diskression səlahiyyətidir. Yəni barəsində iş qaldırılan tərəf qərarının ona təqdim edildiyi tarixdən 30 gün müddətində sazişin istisna olaraq hesab edilməsi üçün müraciət etmədikdə, saziş istisna hesab edilməsi üçün bütün meyarlara cavab versə belə, rəqabət komissiyası sazişi istisna hesab etməyə bilər.

Daha ətraflı: “Rəqabət Orqanı” və “Rəqabət Komissiyası”nın fərqi nədir ?

2.1. İstisna edilmiş sazişlərin qiymətləndirmə mexanizmi

Müraciətdən sonra rəqabət orqanı mərhələli təhlil aparır:

  • sazişin Rəqabət məcəlləsinin 11-ci və 12-ci maddələrinin tələbləri baxımından üfüqi və ya şaquli saziş olub-olmaması müəyyən edilir. Yəni saziş şaquli və ya üfüqi saziş kateqoriyasına daxil deyilsə, onu istisna etməyə də zərurət yoxdur.
  • növbəti mərhələdə texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı (AR-GE), habelə istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olma meyarları tədqiq edilir.

2.2. Müraciət və diskresion səlahiyyət

Rəqabət orqanı müraciəti qiymətləndirdikdən sonra sazişin istisna saziş hesab edilməsi barədə qərar qəbul edə bilər. Bu qərarda sazişin istisna edilmə müddəti və şərtləri əks olunur. Sazişin istisna hesab edilmə müddətini müəyyən etmək rəqabət orqanının diskression səlahiyyətidir.

Sazişin istisna hesab edilməsi barədə qərar sazişin bütün iştirakçılarına münasibətdə tətbiq edilir.

III. Azəhəmiyyətli sazişlər.

Azəhəmiyyətli sazişlər rəqabətə real və hiss edilə bilən təsir göstərməyən sazişlərdir.
Rəqabət Məcəlləsinin 14-cü maddəsinə əsasən, birbaşa məqsədi rəqabəti məhdudlaşdırmaq olan sazişlər (habelə uyğunlaşdırılmış hərəkətlər) müəyyən şərtlər daxilində azəhəmiyyətli hesab edilir və qadağan olunmur. Bu norma göstərir ki, məhdudlaşdırıcı məqsəd mövcud olsa belə,
bazarda təsir səviyyəsi aşağıdırsa,
saziş rəqabət üçün təhlükəli hesab edilmir.

Yuxarıda qeyd edilən yanaşma rəqabət hüququnun iqtisadi əsaslı tətbiqini əks etdirir.

3.1. Üfüqi sazişlər üzrə qiymətləndirmə

Üfüqi saziş iştirakçılarının sazişin təsir etdiyi hər hansı müvafiq bazar üzrə birgə bazar payı 10 faizdən artıq olmadıqda, saziş azəhəmiyyətli hesab olunur.
Burada əsas meyar: iştirakçıların birgə bazar payıdır.

3.2. Şaquli sazişlər üzrə qiymətləndirmə

Şaquli sazişlərdə isə fərqli yanaşma tətbiq edilir: saziş iştirakçılarının hər birinin bazar payı 15 faizdən artıq olmamalıdır.

Göründüyü kimi üfüqi sazişlərdən fərqli olaraq burada meyar birgə pay deyil, subyeklərin ayrı-ayrılıqda bazar paylarıdır.

3.3. Qeyri-müəyyənlik halı

Əgər sazişin üfüqi və ya şaquli xarakterini müəyyən etmək mümkün olmazsa, 14.2-ci maddəyə əsasən qiymətləndirmə üfüqi sazişlər üçün nəzərdə tutulan meyarla aparılır. Yəni birgə bazar payı 10%-dən çox olmamalıdır.

Bu norma daha sərt yanaşmanı seçir və hüquqi ehtiyat prinsipini tətbiq edir.

3.4. Önəmli qeyd

Rəqabət Məcəlləsinin  14.1-ci maddəsində yazılan “11-ci və 12-ci maddələrdə qeyd olunan sazişlər istisna olmaqla” ifadəsi ilk baxışda çaşdırıcı görünə bilər. Lakin bu, həmin saziş növlərinin azəhəmiyyətli hesab edilə bilməyəcəyi anlamına gəlmir.

Azəhəmiyyətli sazişlər mahiyyətcə elə üfüqi və ya şaquli sazişlərdir (habelə uyğunlaşdırılmış hərəkət). 11 və 12-ci maddələrin əhatə etdiyi üfüqi və şaquli sazişlər məhz bu maddədə müəyyən edilmiş bazar payı meyarlarına cavab verdikdə azəhəmiyyətli hesab olunur və qadağan edilmir, əks halda 14-cü maddənin əhəmiyyəti qalmazdı.

3.5. Avtomatik tətbiq

Azəhəmiyyətli sazişlərin rəqabət orqanı tərəfindən təsdiq edilməsi tələb edilmir. Lakin müvafiq bazarda payların hesablanmasında çətinlik çəkən təsərrüfat subyektləri bağlanmış sazişin azəhəmiyyətli hesab edilib-edilməməsi barədə rəqabət orqanına müraciət edərək rəqabət orqanının mövqeyini öyrənə bilərlər.

Unutmayaq ki, Rəqabət orqanı sazişin azəhəmiyyətli hesab edilməsi barədə barədə qərar qəbul etməyəcək.

Nəticə

Beləliklə, qanunvericilik formal qadağa modeli deyil, iqtisadi əsaslı balans modeli tətbiq edir. Məqsəd rəqabətin qorunması ilə inkişaf və innovasiya arasında hüquqi tarazlıq yaratmaqdır.

Növbəti yazımızda rəqabət orqanının üfüqi və şaquli sazişləri necə araşdırdığını, bu araşdırmanın hansı mərhələlərdən keçdiyini təhlil edəcəyik.

İstinad edilmiş ədəbiyyat siyahısı:

  • Azərbaycan Respublikası Rəqabət Məcəlləsi
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 dekabr tarixli 536 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sazişlərin Azərbaycan Respublikası Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair Meyarlar”