Rəqabət hüququnun tarixi

You are currently viewing Rəqabət hüququnun tarixi

Rəqabət hüququnun tarixi

Bu yazıda biz rəqabət hüququnun tarixi və rəqabət hüququnun yaranma zərurətini araşdıracağıq.

Rəqabət hüququ nədir və niyə yaranmışdı ?

Rəqabət hüququ (Antitröst) sadəcə hüquqi bir termin deyil, əslində azad bazarın özünü qoruma instinktidir. Çünki bu hüquq sahəsi boşluqdan yaranmayıb: sənaye inqilabının yaratdığı inhisarçılığa, hömran mövqedən sui-istifadə hallarına və istehlakçıların maraqlarının qorunması ehtiyacına birbaşa cavab olaraq formalaşıb.

1. Amerikanın trestlər dövrü: Şerman qanunundan əvvəlki iqtisadi mənzərə

Rəqabət hüququnun yarandığı yer – XIX əsrin sonu ABŞ-dır. 1870-1900-cü illər arası dövr “Gildiya Əsri” (Gilded Age) adlanır. Təsəvvür edin ki, ölkə sürətlə inkişaf edir, amma bu tərəqqi fadaları yalnız bir neçə nəhəng şirkətə fayda verir.

Bazar niyə özünü tənzimləyə bilmədi ?

  • Sürətli inqilab, təhlükəli konsentrasiya: polad (Carnegie), neft (Rockefeller) və dəmir yolları kimi həyati əhəmiyyətli sahələrdə nəhəng korporasiyalar meydana gəldi.
  • Trestlərin yüksəlişi: bu dövrün ən qorxulu hadisəsi trestlərin yaranması idi.

Bəs trest nə idi ?

Trest – bir neçə rəqib müəssisənin səhmlərinin vahid idarəetmə altında cəmlənməsi nəticəsində həmin bazarda müstəqil qərarvermənin və effektiv rəqabətin aradan qalxmasına səbəb olan strukturdur.

John D. Rockefeller’in Standard Oil Company-si o qədər güclü idi ki, nəticə də ABŞ-da neft emalının təxminən 90%-dən çoxunu idarə edirdi.

rəqabət hüququnun tarixi. standart oil monopoliya

Bu illüstrasiyada mərkəzdə oktapod olaraq simvollaşdırılan Standart Oil şirkəti təsvir edilmişdir, o, böyük iqtisadi gücü ilə parlamenti, iri sənaye sahələrini öz əlində saxlayır, digər tərəfdə isə insanlar bu gücün altında əzilirlər. Oktapodun qolları isə üfüqi və şaquli inteqrasiyanı simvolizə edir. (Mənbə: Puck jurnalı (1904), karikatura müəllifi Udo J. Keppler, ictimai mülkiyyət, Wikimedia Commons)

 Trestlərin iqtisadi və siyasi təsiri:

  •  İstehlakçıya zərər: qiymətləri süni şəkildə artırır, keyfiyyəti düşünmədən aşağı salırdılar. Niyə də keyfiyyəti artırsınlar? Bazarda rəqabət olmadığı halda, istehlakçı yenə də məhdsulları inhisarçı şirkətlərdən almağa məcbur idi.
  • Kiçik sahibkarlığın məhvi: Standard Oil dəmir yolları şirkətlərini rəqiblərinə qarşı əlavə haqlar tətbiq etməyə məcbur edirdi, nəticədə kiçik şirkətlərin bazara girməsinin qarşısı alınırdı. Bugünkü prizmadan baxanda bu, sadəcə bazar oyunu deyildi – inhisarçılıq idi.
  • Siyasi gücün təmərküzləşməsi: iqtisadi güc siyasi gücə çevrilirdi. Nəticədə böyük bizneslər hökumət qərarlarına təsir edərək öz faydalarına qanunlar çıxarır, bu isə demokratiyanı zəiflədirdi.

Cəmiyyətdə bu “Böyük Biznes”ə qarşı kəskin narazılıq yaranmışdı. İnsanlar trestlərə qarşı dövlət müdaxiləsini tələb edirdi, çünki bazarlar özlərini tənzimləməkdə aciz qalmışdı. Rəqabət hüququnun tarixi təkcə qanunvericiliyin deyil, həm də iqtisadiyyatın təkamülüdür.

2. Rəqabət hüququ tarixində Şerman Antitröst Qanununun (1890) rolu.

Bu ictimai və iqtisadi təzyiqlərin nəticəsi olaraq 1890-cı ildə ABŞ Konqresi Şerman Antitröst qanununu qəbul etdi. Belə ki, bu qanun rəqabətin dövlət səviyyəsində tənzimlənməsini təmin edən tarixdəki ilk geniş miqyaslı qanun idi.

Şerman qanununun əsas məqsədi trestlərin birgə şəkildə rəqabəti pozmasını dayandırmaq və bir şirkətin təkbaşına qeyri-qanuni inhisar yaratmasının qarşısını almaq idi.

Gəlin baxaq Şerman qanunu trestlərə qarşı mübarizədə effektiv oldumu ?

Şübhəsiz ki, Şerman Qanunu tərəqqi idi, amma ilk illərdə onu ‘kor tərəqqi’ adlandırsaq yanılmarıq. Çünki:

a. İlkin zəiflik: Qanunun qəbulundan sonrakı ilk 15 il ərzində, dövlət onu ironik şəkildə biznes trestlərini cəzalandırmaq əvəzinə, daha çox həmkarlar ittifaqlarına qarşı tətbiq etdi.

 b. Dönüş nöqtəsi: hər şey prezident Teodor Ruzveltin “Trestləri Qıran” (Trust Buster) siyasəti ilə dəyişdi. 1911-ci ildə ABŞ Ali Məhkəməsi Şerman Qanununu tətbiq edərək Standard Oil Company və American Tobacco Company trestlərini parçaladı. Artıq bu, qanunun real təsirini nümayiş etdirdi.

Rəqabət hüququnun tarixi. Trestlərlə mübarizə aparan Teodor Ruzvelt.

Bu illüstrasiyada həddindən artıq kök, pulla dolu, üzərində TheTrussts(trest) yazılan bir fiqur monopoliyanı təmsil edir, onun qarşısında qırmızı rəngli şəxs dövlət, məhkəmə və ya cəmiyyətininhisara qarşı mübarizəsini əks etdirir. Kənarda baş verənləri izləyən şəxs isə trestlərə qarşı mübarizə siyasətini həyata keçirən ABŞ prezidenti Teodor Ruzveltdir. (Mənbə: Puck jurnalı (1904), karikatura müəllifi Udo J. Keppler, ictimai mülkiyyət, konqress kitabxanası)

c. Rəqabət hüququnun tarixi baxımından ən kəskin dönüş nöqtələrindən biri – Rule of reason prinsipi nədir ?

Rule of reason prinsipi ilk dəfə 1911-ci ildə Standard Oil işi ilə tətbiq edilməyə başlanıb. Belə ki, Şerman qanunun rəqabəti məhdudlaşdıran müqaviləni mütləq şəkildə qanunsuz sayan sərt yanaşmasından fərqli olaraq, bu qayda məhkəmələrə hər bir işin iqtisadi təsirlərini fərdi qaydada qiymətləndirmək səlahiyyəti vermişdir. Bu prinsipə əsasən, bir rəqabəti məhdudlaşdıran fəaliyyət yalnız o halda qanunsuz hesab edilir ki, o, rəqabətə “ağlabatan” olmayan dərəcədə zərər vursun və istehlakçıların rifahını aşağı salsın. Bu prinsipin tətbiqi rəqabətə zərər verən, lakin tamamilə qanunsuz sayılmayan bir çox hərəkətlərin (məsələn, qiymət ayrı-seçkiliyi) davam etməsinə imkan verdi. Nəticədə inhisarlar bu boşluqdan asanlıqla istifadə edib qanunun təsirlərindən yayınmaq üçün manevrlər edirdi.

3. Sonrakı qanunlar: boşluqları “yamamaq” (1914)

Şerman qanununda yol verilən boşluqları aradan qaldırmaq üçün 1914-cü ildə iki əsas qanun qəbul edildi. Bu qanunlar müasir antiinhisar sisteminin əsas bünövrəsini qoydu:

A. Kleyton Antitröst Qanunu (Clayton Antitrust Act, 1914) və məqsədi

Zaman keçdikcə qanunvericilik aktları təkmilləşirdi, belə ki, Kleyton qanunun qəbulu rəqabət hüququnun tarixində önəmli bir rol oynayır, bu qanunun əsas məqsədi monopoliyanın yaranmasını gözləmək əvəzinə, onun kökünü qurutmaq idi. Belə ki, Kleyton qanunu spesifik və rəqabətə zərərli hərəkətləri aydın şəkildə qadağan etdi:

  1. Qiymət ayrı-seçkiliyi: fərqli alıcılara fərqli qiymətlərin tətbiqini qadağan etdi, çünki qiymət ayrı-seçkiliyi kiçik bazar payına malik rəqiblərin məhvinə səbəb olurdu.
  2.  Bandle müqavilələri (Tying Arrangements): bir məhsulu (məsələn, printeri) almaq üçün alıcını başqa bir məhsulu (məsələn, kartricləri) da eyni şirkətdən almağa məcbur edən müqavilələr rəqabəti əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı hallarda qanunsuz sayıldı.
  3.  Təmərküzləşmələr (Mergers): rəqabəti əhəmiyyətli dərəcədə azalda biləcək təmərküzləşmələri hələ onlar reallaşmamış qadağan etdi. Buna görə də Kleyton qanununu proaktiv nəzarətin başlanğıcı hesab edə bilərik.

B. Federal Ticarət Komissiyası Qanunu (FTC Act, 1914)

FTC Qanunu, rəqabət hüququnun icra mexanizmini kökündən dəyişərək xüsusi bir “Rəqabət polisi” yaratdı:

 * Haqsız rəqabətin qadağan edilməsi: təkcə trestlər deyil, həm də “haqsız rəqabət üsulları” və aldadıcı hərəkətlər qadağan edildi. Nəticədə bu, qanunun əhatə dairəsini daha da genişləndirdi.

 * İcra orqanının yaradılması: Federal Ticarət Komissiyası (FTC) adlı ixtisaslaşmış inzibati orqan yaradıldı. Beləliklə, rəqabət məsələlərinin yalnız məhkəmələrin səlahiyyətində saxlanılması əvəzinə, iqtisadiyyat sahəsində daimi nəzarət və ixtisaslaşmış ekspertiza həyata keçirən xüsusi bir qurum təsis edilmiş oldu.

Rəqabət hüququnun tarixində Federal Ticarət Komissiyasının təsis olunmasının əhəmiyyəti nədir ?

a. Rəqabət hüququnun icrası institusionallaşdırıldı, yəni rəqabət qaydalarının tətbiqi yalnız məhkəmələrin konkret mübahisələrə bağlı fəaliyyəti ilə məhdudlaşmadı, üstəlik daimi fəaliyyət göstərən bir icra mexanizmi formalaşdı.

b. Profilaktik nəzarət imkanı yarandı, yəni qanun pozuntuları yalnız baş verdikdən sonra deyil, onların formalaşma mərhələsində izlənilməyə və qarşısı alınmağa başladı.

c. İxtisaslaşmış iqtisadi ekspertiza təmin olundu, belə ki, məhkəmələrin ümumi hüquqi yanaşmasından fərqli olaraq, bazar strukturları, qiymət davranışları və rəqabətə təsirlər iqtisadi təhlil əsasında qiymətləndirildi.

d. Bazara daha çevik və operativ müdaxilə mümkün oldu, məhkəmə proseslərinin uzunluğundan asılı olmadan, inzibati alətlər vasitəsilə bazara vaxtında, çevik təsir göstərmək imkanı yarandı.

e. Hüquqi müəyyənlik və vahid yanaşma formalaşdı, nəticədə rəqabət hüququnun tətbiqində presedentlər, tövsiyələr və inzibati praktika vasitəsilə sabit və proqnozlaşdırılan bir sistem yarandı.

NƏTİCƏ:

Rəqabət hüququnun tarixi, sərbəst bazara nəzarətsiz imkan verildikdə onun necə öz-özünü məhv etməyə başladığının bariz nümunəsidir. Şerman qanunu ilk, amma ümumi bir addım idi. Lakin yalnız 1914-cü ildə Kleyton və FTC Qanunları ilə ABŞ rəqabət hüququ zəruri icra mexanizmləri və spesifik qadağalarla təchiz edildi. Bu hüquqi tənzimləmələr bazarda səmərəliliyi, innovasiyanı və rəqabəti təşviq edən sağlam iqtisadiyyatın təməlinə çevrildi.